Tədbiri giriş sözü ilə Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, hər iki nəşrdə aparılan ciddi tədqiqatların, araşdırmaların nəticələri öz əksini tapır.
Əbülfəz Quliyev “Tanınmış sufi alimi Baba Nemətullah Naxçıvani” mövzusunda məruzə edərək türkcə, ərəbcə və farsca ədəbiyyatlardan istifadə edilən kitabda Azərbaycan fəlsəfə tarixinin dərin kökləri və zəngin xüsusiyyətlərinin təhlil edildiyini və nəticədə Naxçıvanda yetişən fəlsəfi məzmunlu məktəblərin nümayəndəsi olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı ilə yanaşı, elmi fəaliyyəti, alimin qələmə aldığı fəlsəfi məzmunlu müxtəlif əsərlərindən də bəhs olunduğunu vurğulamışdır.
Bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva isə ““Cavid” Poeziya Teatrı” kitab-albomu Azərbaycan mədəniyyətinə dəyərli töhfədir” mövzusunda məruzə edib. O, Ələkbər Qasımovun hazırladığı nəşrin əhəmiyyətindən söhbət açaraq bildirib ki, kitabda “Cavid” Poeziya Teatrının yaranma tarixi, tərəqqisi və uğurları işıqlandırılıb. Eyni zamanda müəllifin teatr səhnəsində başda Hüseyn Cavid olmaqla, Cəlil Məmmədquluzadənin, Rəsul Rzanın, Mikayıl Müşfiqin, Məmməd Arazın, Teymur Elçinin, Kəmalə Ağayevanın və başqalarının əsərləri əsasında hazırlanmış tamaşaların xronoloji ardıcıllığı, bu tamaşaların quruluşçu rejissor və rəssamları, bəstəkar və müğənniləri, o cümlədən aktyor heyəti barədə müfəssəl məlumat verdiyi, fərqli və yaddaqalan ifalar haqqında da geniş söhbət açdığı diqqətə çatdırılmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev, folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov çıxış edərək hər iki kitabın üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşərək müəlliflərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda müəlliflər tədbir iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər.
ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|40449946-EE9C-46C6-93C9-B794FFA371DF
|