M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova onlayn tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, hazırda bütün dünyada COVİD-19 virusunun yayılması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı pandemiya elan etmişdir. Mövcud vəziyyət ölkəmizdən də yan keçməmiş, infeksiyanın qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə bir şəraitdə onlayn xidmət kitabxanaların əsas fəaliyyət istiqamətinə çevrilmişdir. Kitabxanaların üzərinə düşən əsas vəzifə elektron formada oxuculara xidmət etmək, cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaqdır. Bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan kitabxanalar öz fəaliyyət istiqamətlərini şəraitə uyğun quraraq onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası elektron kitabxana vasitəsilə, həmçinin digər kitabxanalar tərəfindən sosial şəbəkələrdə, “İnstaqram” və “Facebook” səhifələrində elektron kitabxana xidmətləri təklif edilərək oxuculara müxtəlif kreativ formatlarda onlayn xidmətlər göstərilir.
Sonra AMEA Naxçıvan Bolməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva “Pandemiya dövründə kitabxana-oxucu münasibətləri” adlı mövzu ilə çıxış edərək qeyd etmişdir ki, Müasir dövrün informasiya bolluğunda mütaliə mədəniyyətinin formalaşdırılması və düzgün istiqamətləndirilməsi həyati zərurətə çevrilmişdir. Bu mənada kitabxanalar mütaliə mədəniyyətinin düzgün istiqamətləndirilməsində, informasiyanın yayılmasında, maarifləndirici missiyanın yerinə yetirilməsində əsas məsuliyyət daşıyan sosial institutlardır. Pandemiya günlərində dünya kitabxanaları oxucularına virtual rejimdə xidmət edir. Hazırda internet üzərindən yayım kitabxanaların məsafədən xidmət göstərməsi baxımından ən optimal təcrübədir. Məhz buna görə müasir kitabxanaların elektron bazalarını genişləndirmək öhdəliyi getdikcə artmaqdadır. Bu, eyni zamanda, kitabxanaların qarşısına onlayn rejimdə yeni xidmət formalarını tətbiq etmək zərurətini qoyur.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Pandemiya dövründə oxuculara xidmət işinin təşkili” adlı çıxışında qeyd etmişdir ki, sosial izolyasiya dövründə kitabxana fəaliyyətini davam etdirmiş, oxucular onlara təqdim edilmiş onlayn xidmətlərdən geniş istifadə etmişdir. Kitabxanaya onlayn müraciət edən oxucular üçün səyyar kitabxana xidməti göstərilmiş, onların tələbatı nəzərə alınaraq dərsliklərin, kitabların pdf variantları hazırlanmış, sosial şəbəkələr üzərindən oxuculara çatdırılmışdır. Oxuculara xidmət işinin səviyyəsini daha da yüksəltmək məqsədilə keçirilən tədbirlər “Zoom Meeting” mobil tətbiqi üzərindən onlayn formatda təşkil edilmişdir. Hazırkı şəraitdə kitabxanaçıların başlıca vəzifəsi kitabxanalarda keçirilən onlayn tədbirləri sistemli şəkildə istiqamətləndirmək, oxucuların mütaliə mədəniyyəti və bilik dairəsinin genişlənməsinə səy göstərməkdən ibarətdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə çıxış edən Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru F.Əhmədov, mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları qeyd etmişlər ki, kitabxanaların oxuculara göstərdiyi onlayn xidmətlər daha da təkmilləşdirilməli, Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan yazıçı və şairlərin, Azərbaycan və dünya klassiklərinin əsərlərinin onlayn qaydada müzakirəsinə daha geniş yer verilməlidir. Həmçinin latın qrafikası ilə nəşr olunmayan kiril qrafikalı əsərlərin təbliği də nəzərdə saxlanılmalıdır.
80 dəqiqə davam edən tədbirdə 30 nəfər kitabxana əməkdaşı iştirak etmişdir. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|4B4C4BB2-713A-4E14-8D6D-4681568ADA3A
|