Kitabxana 1972-ci ildə Az.SSR EA-nın Mərkəzi Elmi Kitabxanasının
filialı kimi Naxçıvan Elm Mərkəzinin nəzdində ilk fəaliyyətinə başlamış, daha
sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il avqust tarixli sərəncamı ilə
yaradılan AMEA Naxçıvan Bölməsinin tərkibində öz fəaliyyətini davam
etdirməkdədir.
Kitabxanada iki kitab fondu,dövrü və referativ
jurnal fondları, kitab və dövrü mətbuat zalları, müvəqqəti mühafizə fondu
,kataloq və kitabişləmə , məlumat-biblioqrafiya xidmətləri fəaliyyət göstərir.
Kitabxanada fəaliyyət göstərən fondlar universal xarakterli olub elmi-texniki,
ictimai-siyasi, ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir.
Kitabxana fondlarını əks etdirən bütün çap məhsulları kataloq-kartoteka
sistemi vasitəsilə oxuculara xidmət göstərir. Fondların komplektləşdirilməsi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə nəşr
olunan latın qrafikalı kitabların, müxtəlif alim və mütəxəssislər tərəfindən
hədiyyə olunmuş kitabların və pul köçürmə yolu ilə alınan ədəbiyyatların
hesabına həyata keçirilir. Kitabxanada xarici ədəbiyyat şöbəsi fəaliyyət
göstərir ki, burada Qərbi Avropa və Şərq dillərində ədəbiyyatlar
sistemləşdirilir. Kitabxanada informasiya-biblioqrafiya xidməti mühüm rol
oynayır. Bu xidmət işində bir çox kartotekalardan istifadə olunur ki, onların
arasında ümummilli lider Heydər Əliyevin həyatı və çoxcəhətli siyasi
fəaliyyətini əks etdirən kartoteka xüsusi əhəmiyyət daşıyır.